25 
apr
2022
10:55
89

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Büdcənin icra vəziyyəti daha bir sosial paket üçün imkan yaradır

25 apr, 2022
10:55
989

Pərviz Heydərov yazır...
Dünya iqtisadiyyatında inflyasiya və bahalaşma getdikcə gücləndiyi və geniş şəkildə tüğyan etdiyi zamanda ölkəmizdə dövlət büdcəsi olduqca əlverişli və yüksək göstəricilərlə icra edilməkdədir. Bu çox müsbət hadisədir. 
Proses o qədər qənaətbəxş istiqamətdə və səviyyədə gedir ki, ilin axırınadək Dövlət Neft Fondundan (ARDNF) transfert xeyli aşağı həcmdə həyata keçirilə bilər. Bu da büdcənin neftdən asılılığını azaltmaq baxımından vacibdir.
Hələ ilin birinci yarısı olduğu və ilk 6 ayın sonuna xeyli vaxt qaldığı üçün çox da irəliyə getməyək. Bu il, yəni 2022-ci ildə ARDNF-dən dövlət büdcəsinə 12 milyard 710 milyon manat transfert nəzərdə tutulub. 
Ümumiyyətlə, 2022-ci ilin əsas maliyyə sənədində 26 milyard 816 milyon manat gəlirin 12 milyard 710 milyon manatını ARDNF-dən transfert təşkil edir ki, ümumən gəlirin 54,8 faizinin və ya 14 milyard 690 milyon manatının neft, 45,2 faizinin və ya 12 milyard 126 milyon manatının isə qeyri neft-qaz sektorundan daxil olacağı proqnoz edilib.
Neft Fondundan transfert məsələsini kənara qoysaq büdcəyə gəlirlərin artmasının digər səbəbləri var. Əvvəla, bu ilin I rübündə büdcə gəlirləri proqnozlaşdırılandan 6,3 faiz (418 milyon manat) çox olaraq 7 milyard 10 milyon manat təşkil edib ki, bu da Dövlət Vergi Xidməti üzrə daxilolmaların nəzərdə tutulandan 23,8 faiz, Dövlət Gömrük Komitəsi üzrə isə 23,7 faiz artıq həyata keçirilməsi həlledici rol oynayıb. 
İkincisi, Vergi Xidməti xəttiylə müvafiq proqnozun artıq icra edilməsinin 90 faizdən çox hissəsi məhz qeyri-neft sektorunun hesabına baş verib. Ona görə ki, sözügedən sektorda inkişaf davam edir. Belə ki, burada ilk üç ayda 10,3 faiz artım əldə olunub. Bu, həm də sektorda leqallaşma və şəffaflaşma prosesinin nəticəsidir. Hansı ki, buna 2019-cu ildə start verilib. Ölkə tarixində irimiqyaslı sosial-iqtisadi islahatlar ili kimi yadda qalan məhz, 2019-cu ildə... Və bu proses hələ də davam etməkdədir.
Xatırladım ki, həmin ildə Vergi Məcəlləsinə 300-ə yaxın dəyişikliklər edilərək, vergi və məcburi dövlət sosial ayırma məbləğlərinin toplanması mexanizmində yeni qaydalar təsbit olundu. Və bunun müsbət nəticələrindən biri həmin il ərzində məhz dövlət büdcəsinə edilən dəyişikliklər sırasında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) nəzərdə tutulan transfertin 150 milyon manat məbləğində azaldılmasından ibarət oldu. 
Halbuki, 2019-cu ildə minimum pensiya məbləği iki dəfə artırılmaqla yanaşı, ilin əvvəlindən bütün əmək pensiyaları və o cümlədən, sığorta pensiya kapitalları məbləğləri indeksləşdirilmişdi.
Bu tendensiya davamlı xarakter daşımağa başladı. Belə ki, 2020-ci ildə dövlət büdcəsindən DSMF-ə transfert məbləği əvvəlki ildəki azaldılmamışdan qabaqkı məbləğə nəzərən 30, ilin ortasında azaldıqdan sonrakı məbləğə görə isə təxminən 12 faiz aşağı səviyyədə həyata keçirildi.
Həmçinin, 2021-ci ildə, yəni keçən il də DSMF-nin maliyyə sənədini balanslaşdırmaq məqsədilə dövlət büdcəsinin öhdəliklərini maliyyələşdirmək üçün ayrılan vəsait 1 milyard 631 milyon 530 min 950 manat nəzərdə tutulmaqla 27 faiz aşağı məbləğdə götürüldü.
Bu il üçün də dövlətin əsas maliyyə sənədindən sözügedən fondun büdcəsini balanslaşdırmaq məqsədilə 1 milyard 145 milyon 967 min 169 manat transfert nəzərdə tutulub ki, bu da keçən ildəki məbləğdən 30 faiz aşağıdır.
Ümumiyyətlə, DSMF-nin 2018-2020-ci illərdə dövlət büdcəsindən asılılığı 10 faizdən çox azalaraq 1 milyard 303 milyon manatdan 1 milyard 178 milyon manata düşüb. 
Bu sözsüz, gəlirlərin artması nəticəsində baş verib və verir. Və göstərilən dövr ərzində DSMF-nin gəlirlərində 39 faiz və ya 1 milyard 327 milyon manat artım qeydə alınıb ki, 2020-ci ildə 4 milyard 748 milyon manat təşkil edib.
Sözügedən fonda cari ilin ilk rübündə isə məcburi dövlət sosial sığorta daxilolmaları 152 milyon manat və ya 17 faiz artaraq 1 milyard 46 milyon 700 min manat təşkil edib ki, büdcə təşkilatları üzrə artım 13,4 faiz və ya 45,7 milyon, qeyri-büdcə təşkilatları üzrə 19,2 faiz və ya 106,3 milyon manat olub.
Cari ilin I rübünün yekunlarına dair Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə Maliyyə naziri Samir Şərifov da qeyd etdi ki, Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfert həcmi 3 milyard 180 milyon manata qarşı 2 milyard 757 milyon manat, yəni, 423 milyon manat az icra olunub ki, bu da büdcə göstəricilərinin olduqca yüksək olması ilə əlaqədardır.
Üstəlik, bir nüansı da qeyd edək. İlin ilk üç ayı ərzində dövlət büdcəsindən adətən, çox xərc həyata keçirilmir. Və bu, ən çox ilin axırında, başqa sözlə, son 3 ay ərzində baş verir. Ancaq bu ilin ilk üç ayı ərzində sözügedən icra 99 faiz və yaxud 5 milyard 630 milyon manat məbləğində təşkil edib. 
Hələ buna rəğmən, dövlət büdcəsinin icrası nəticəsində 1 milyard 380 milyon manat məbləğində profisit əldə olunub ki, söhbət Vergi Xidməti üzrə nəzərdə tutulandan 23,8, Gömrük Komitəsi üzrə isə 23,7 faiz artıq daxilolmaların və ARDNF-dən büdcəyə nəzərdə tutulan transfertin 423 milyon manat az həyata keçirilməsi müqabilindən gedir.
Yekun olaraq qeyd edək ki, son illər ərzində ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində büdcə-vergi (fiskal) siyasəti sahəsində dəyişikliklərin nəticəsi həqiqətən özünü hələ də göstərir. Söhbət, qeyri neft və qaz sektorunda gəlirlərin artmasından və bir sıra vacib fondlara, o cümlədən onlardan transfert, habelə mədaxildən gedir.
Bu çox sevindirici haldır. Demək, islahatlar davam etməlidir.
Yeri gəlmişkən, 2020-ci və 2021-ci illərdəki aradan sonra dövlət başçımız İ. Əliyevin tapşırığı ilə bu ilin əvvəlindən icra olunmağa başlanan illik maliyyə tutumu 2,1 milyard manata bərabər olan 3,4 milyon insanı əhatə edən yeni sosial islahat paketinin davamı olaraq ikinci bir paketin də startı üçün ortada müvafiq zəmin və imkan formalaşmaqdadır. Başqa sözlə, dövlət büdcəsinin icra vəziyyəti bu il ərzində növbəti bir sosial paketi də həyata keçirmək üçün zəmin yaradır ki, bunu getdikcə güclənməkdə olan və tüğyan edən inflyasiya və bahalaşma xüsusən zəruri sayır. 

Bizimlə əlaqə saxlayın